Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi əsasında “DNT HUB” MMC tərəfindən dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində 4 istiqamət üzrə sahibkarlar üçün daxili bazar araşdırması hazırlanıb.
Araşdırma mövzularına kalsium-karbonat emalı, bulqur və mərci istehsalı, mebel üçün metal və plastik aksesuarların, mexanizmlərin istehsalı, eləcə də tikinti və qida məhsullarının qablaşdırılmasında istifadə olunan dəmir qutuların istehsalı aiddir.
Ümumi bazar araşdırmasının məqsədi ölkə daxilində mövcud bazar vəziyyətinin qiymətləndirilməsi, istehsal və inkişaf potensialının müəyyən edilməsi, eləcə də sahibkarların əsaslandırılmış biznes qərarları qəbul etməsinə dəstək göstərmək olmuşdur. Araşdırma çərçivəsində bu sahə üzrə daxili bazarın mövcud vəziyyəti, tələbat səviyyəsi, istehsal imkanları və perspektiv inkişaf istiqamətləri təhlil edilmiş, əldə olunan nəticələr praktik və tətbiq oluna bilən tövsiyələr əsasında formalaşdırılmışdır.
Bu sahələrdə məhsul və xidmətlər yaratmaq, eləcə də fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın internet saytına daxil olaraq DNT HUB tərəfindən hazırlanmış bazar araşdırmaları ilə yanaşı, digər bazar araşdırmaları ilə də tanış ola bilərlər ( https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi ).